Azərbaycanın ən gənc rektoru vəzifəsinin icrasına başlayıb | Təhsil Elanları
Azərbaycanın ən gənc rektoru vəzifəsinin icrasına başlayıb
Bölmə:Xəbərlər 1603 dəfə oxunub
28.01.2015

Azərbaycan Universitetinə təyin olunan və kollektivə təqdim olunan yeni rektor Fərid Əhmədov vəzifəsinin icrasına başlayıb. Tehsil.im xəbər verir ki, bu barədə “Marja”ya Universitetin İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsindən bildirilib.

Azərbaycanda ən gənc rektor olan Fərid Əhmədovun 35 yaşı var. O, dünyanın ən mötəbər universitetlərindən sayılan Oxford Universitetində hüquq üzrə doktorluq dissertasiyası müdafiə edən yeganə azərbaycanlıdır. Fərid Əhmədov eyni zamanda 2009-2011-ci illərdə Oxford Universitetində müxtəlif ölkələrdən olan diplomatlara və dövlət qulluqçularına beynəlxalq hüquq fənni üzrə mühazirə oxuyub.

2002-ci ildə həm Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq fakültəsinin bakalavriat və magistratura pillələrini, həm də 2003-cü ildə Böyük Britaniyanın “British Chevening təqaüdü” ilə təhsil aldığı Essex Universitetində magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2011-ci ildən Rektor təyin olunduğu tarixədək “ADA” Universitetində, ondan öncə isə Milli Məclisdə və Konstitusiya Məhkəməsində çalışıb. Ailəlidir, üç övladı var.

SƏHHƏTİ İLƏ BAĞLI İSTEFA VERİB

Qeyd edək ki, Azərbaycan Universitetinin keçmiş rektoru Eldar Qəhrəmanov səhhətində yaranan problemlər səbəbiylə öz ərizəsi ilə vəzifəsindən istefa edib. O, bu vəzifəni 1 may 2012-ci il tarixindən icra edirdi. Eldar Qəhrəmanov hazırda İnzibati idarəetmə kafedrasının müdiridir.

Azərbaycan Universiteti 1991-ci ildə təsis olunub və Azərbaycanın ilk özəl universitetidir. Universitetinin məzunları sırasında Milli Məclis sədrinin müavini Bahar Muradovanı, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovu, Təhsil Nazirinin müavini Ceyhun Bayramovu, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevi və digər tanınmış şəxsləri qeyd etmək olar.