Test imtahanı mərhələsi başa çatdı - STATİSTİKA | Təhsil Elanları
Test imtahanı mərhələsi başa çatdı - STATİSTİKA
Bölmə:Dövlət qulluğu 1038 dəfə oxunub
12.01.2015

26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr 2014-cü il tarixlərdə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi başa çatmışdır

Tehsil.im DQMK-a istinadən xəbər verir ki, 26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr 2014-cü il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 81 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 922 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdir.
Müsabiqədə iştirak etmək üçün Komissiyada 2586-sı qadın namizəd olmaqla 7769 namizəd qeydə alınmışdır. Qeydə alınmış namizədlərin 76,59%-ni gənclər təşkil etmişdir. Namizədlərdən 2593 nəfəri (33,38%) test imtahanında iştirak etməmişdir.
Test imtahanı mərhələsində iştirak edən 5176 namizəddən 32,55%-i qadın, 76,20%-i gənc namizəd olmuşdur. Test imtahanı mərhələsini 551-i qadın namizəd olmaqla 1720 namizəd uğurla başa vurmuşdur. Test mərhələsini uğurla keçənlərin 81,28%-ni gənc namizədlər təşkil etmişdir. Test mərhələsini uğurla başa vuran namizədlərdən
- 585 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;
- 767 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;
- 368 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamamış, lakin 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak edə bilər. Onlardan 169 nəfəri bu hüquqdan istifadə etmişdir.
Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim edilmişdir. Eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilmişdir.
Ən yüksək rəqabət Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsində vakant olan aparıcı məsləhətçi vəzifəsi (327 namizəd), Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin Sığorta fəaliyyətinə nəzarət şöbəsində vakant olan məsləhətçi vəzifəsi (252 namizəd), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kadr və kargüzarlıq şöbəsində vakant olan məsləhətçi vəzifəsi üzrə (169 namizəd) olmuşdur. 
Test imtahanı mərhələsində ən çox uğur qazanan namizəd Ekologiya və Təbii Sərvətlər Nazirliyi (207 nəfər), Maliyyə Nazirliyi (178 nəfər) və Dövlət Sosial Müdafiə Fondu üzrə (155 nəfər) olmuşdur. 
Müsabiqənin müsahibə mərhələsi 10 dekabr 2014-cü il tarixdən başlamışdır. Səhiyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Milli Televiziya və Radio Şurası, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Şirvan Apellyasiya Məhkəməsi üzrə keçirilən müsahibələr başa çatmışdır. Qeyd olunan 5 dövlət orqanı üzrə müsahibə mərhələsində iştirak etmək üçün 44 namizəd qeydə alınmışdır. Onlardan 13-ü müsahibədən uğurla keçmişdir.
Digər dövlət orqanları üzrə müsahibə mərhələsi davam edir.