ADA Universiteti 2014-cü ildə | Təhsil Elanları
ADA Universiteti 2014-cü ildə
Bölmə:Magistratura 1171 dəfə oxunub
30.12.2014

2014-cü il ADA Universiteti üçün köklü dəyişikliklərlə yadda qaldı. Yanvar ayında Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universitetinin əsasında, ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ADA Universitetinin yaradılması haqqında Sərəncam imzaladı.

Yeni yaradılmış universitet Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərməyə davam etsə də, biznes, təhsilin idarə edilməsi və informasiya texnologiyaları kimi sahələrdə də akademik proqramların tədrisinə diqqət yetirəcək.

2014-cü ildə ADA Universitetinin tələbələrinin sayı 1300-ə çatıb. Bu tələbələrdən 23-ü Prezident təqaüdçüsüdür.

İl ərzində tələbələr Türkiyə, Qazaxıstan, Qırğızıstan, Çexiya, Monqolustan, Vyetnam, Yaponiya və Niderland kimi ölkələrə səfərlər ediblər. Xarici İşlər Nazirliyinin təqdim etdiyi təqaüdlə hazırda ADA Universitetində dünyanın 32 ölkəsindən 62 tələbə təhsil alır.

Bu il ADA Universiteti Malayziya Diplomatik İnstitutu, İraq Diplomatiya Akademiyası, Çin Beynəlxalq Münasibətlər İnstitutu, Amerika Ölkələri Təşkilatı, Yaponiyanın Doşişa, Osaka və Ritsumeyka universitetləri, Şimali Dakota Universiteti və Pekin Dillər Universiteti də daxil olmaqla dünyanın bir sıra Diplomatiya akademiyaları və universitetləri ilə anlaşma memorandumları imzalayıb. Həmçinin bu il ADA Universitetində Belçikanın Avropa Kolleci ilə birgə fəaliyyət göstərən Avropa İttifaqı Araşdırmalar Mərkəzi yaradılıb. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Mərkəzin məqsədi 600-dən çox azərbaycanlı dövlət qulluqçusunu Avropa İttifaqı barədə maarifləndirməkdir.

Qeyd edək ki, bütün bunların nəticəsi olaraq ADA Universiteti bu il 10 günlük “Xəzər hövzəsi ölkələrinin öyrənilməsi” proqramı çərçivəsində 30-dan artıq xarici diplomata təlim keçib. Bundan əlavə, ADA Universiteti il ərzində 50-dən çox kiçik və orta rütbəli azərbaycanlı diplomata da təlim keçib. Həmçinin Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi ilə birgə ADA Universiteti 20 əfqan diplomatına təlim keçib.

ADA Universitetinin professor heyəti 25-dən artıq beynəlxalq elmi konfransda iştirak edib, onların nüfuzlu beynəlxalq akademik jurnal və kitablarda 10-dan çox məqaləsi çap olunub.

ADA il ərzində Əlimərdan bəy Topçubaşovun 150 illiyinə həsr olunmuş beynəlxalq konfrans, II Fransa-Azərbaycan Universitetləri Forumu, I Hollandiya-Azərbaycan Biznes Forumu, IX Bakı Yay Enerji Məktəbi, XX Qlobal Biznes və Texnologiya Assosiasiyasının illik konfransı və “Mərkəzi Avrasiyada Nəqliyyat və Logistika” kimi bir sıra beynəlxalq tədbir və konfranslar təşkil edib.

2014-cü ildə ADA-da bir sıra tanınmış siyasətçilər mühazirə oxuyublar. Onların arasında Avropa Komissiyasının sabiq sədri Joze Manuel Barrozu, BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark, ABŞ Konqresinin üzvü Loretta Sançez, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev də var. Bu mühazirələr əsasında ADA Universiteti “Bakı dialoqları” adlı jurnal nəşr edir.

ABŞ-ın Con Hopkins Universitetinin professoru Fred Star ADA Universitetinin fəxri doktoru adına layiq görülüb.