AMEA-nın 70 illik yubiley mərasimi | Təhsil Elanları
AMEA-nın 70 illik yubiley mərasimi
Bölmə:AMEA 1054 dəfə oxunub
10.11.2015

Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib və nitq (http://edu.gov.az/az/page/9/11509) söyləyib.

Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Nobel mükafatı laureatı, professor Corc Ficerald Smut, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdıralı  çıxış ediblər.

Yığıncaqda təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının ali təhsil müəssisələrində elmi tədqiqatların aparılması” mövzusunda məruzə ilə çıxış edib. Təhsil naziri Akademiyanın keçdiyi şərəfli yoldan danışıb. Nazir qeyd edib ki, AMEA-nın fəaliyyəti bir çox ali məktəblərin yaranmasına səbəb olub. Bu da ölkəmizdə elm ictimaiyyətinin formalaşmasına öz töhfələrini verib.

Azərbaycanda elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs edən Mikayıl Cabbarov Akademiyanın fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda bir çox elmi məktəblərin yarandığını, dünya elminə layiqli töhfələr verdiyini bildirib: “Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin inkişaf səviyyəsini yüksək dəyərli məhsul yarada bilən insan resursları müəyyən edir. Həmin prosesdə elm, təhsil və iqtisadiyyatın birliyi inkişafın təməl prinsipini təşkil edir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi “Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir...” – konseptual fikrinin əsasında elm və təhsilin iqtisadiyyatla inteqrasiyası, elmin inkişaf yollarının aydın strategiyası dayanır”.

Elm və ali təhsil sahəsində elmi biliyi, kreativliyi və sahibkarlığı birləşdirən startapların əhəmiyyətini nəzərə çatdıran təhsil naziri bu baxımdan mövcud olan dünya təcrübəsinə diqqət çəkib: “Dünya təcrübəsi göstərir ki, məhz startaplar elmin, təhsilin və iqtisadi fəaliyyətin ən uğurlu inteqrasiyası formatı kimi çıxış etməklə, elmlə təhsilin müasir tələblərə uyğunlaşdırılmasının ən optimal yoludur. Hal-hazırda Təhsil Nazirliyi ölkənin 2 aparıcı universitetində startapların başlanması üçün iş aparır”.

Elm və təhsilin inkişafının vəhdət təşkil etdiyini söyləyən nazir qeyd edib ki, bütün elmlərin bünövrəsi təhsillə qoyulduğu üçün təhsilsiz elm, elmsiz təhsil ola bilməz. Təhsil naziri qarşıda duran ümumi məqsəd və vəzifələrə toxunub, AMEA-nı və onun institutlarını “Elmdən Təhsilə” adlı məqsədli proqramının işlənib hazırlanmasına dəvət edib: “Bu Proqram çərçivəsində Elmlər Akademiyası sistemində çalışan alimlər ölkəmizin ən yaxşı ali təhsil müəssisələrində elmi tutumlu ixtisaslar üzrə təhsil alan tələbələrə fənləri tədris edib, elmlə təhsilin daha dərin inteqrasiyasına töhfə verəcək, toplanmış elmi biliklərin növbəti nəsillərə ötürülməsinə imkan qazanacaq, elmi potensialı olan istedadlı tələbələri vaxtında aşkar etməyə kömək etmiş olacaqlar. Öz tərəfimizdən biz məqsədli Proqram çərçivəsində baza ali təhsil müəssisələrini və ixtisasları müəyyənləşdirməyə, həmçinin dərs deyəcək alimlərin maddi təminat məsələsini həll etməyə hazırıq”.