Bölmə:Tələbə qəbulu 446 dəfə oxunub
Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə imtahan modeli ilə bağlı yeni qərar verib.
"Report"un xəbərinə görə, mərkəzin yaratdığı işçi qrupu informatika fənn kurikulumunun təlim nəticələri əsasında hazırlanan qəbul proqramına uyğun imtahan modelini təsdiqləyib.
Tapşırıq nümunələri ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, Təhsil Nazirliyi və DİM-in qərar layihəsinə uyğun olaraq, 2023/2024-cü tədris ili üçün keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər.
Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.