Bölmə:Tələbə qəbulu 410 dəfə oxunub
"Ümumilikdə bütün qruplar üzrə 5751 boş yer qalıb. Onların da 3048-i II qrupun payına düşür".
"Report" məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, I qrupda Azərbaycan bölməsində boş qalan yerlər 1309-dur: "Bu qrupda ümumi vakant yerlərin sayı 1762-dir. I qrupda Azərbaycan bölməsində 200 baldan yüksək nəticə göstərən və ali məktəbə qəbul ola bilməyən abituriyentlərin sayı 29 nəfərdir. Əlavə yerləşdirmə zamanı düzgün ixtisas seçsələr, onlar hamısı universitetə qəbul ola biləcəklər. Bu qrupda 150-dən çox bal toplayanların sayı isə 2 013 nəfərdir. I qrupda ali məktəbə qəbul ola bilməyən 1 000-dən çox subbakalavr da vur.
Rus bölməsində vakant yerlərin sayı daha çoxdur. Bu qrupda rus bölməsində 775 plan yerindən 176-sı boş qalıb. Rus bölməsi üzrə 200 baldan yuxarı nəticə göstərib qəbul ola bilməyənlərin sayı cəmi 2 nəfərdir. Həmin abituriyentlər də düzgün ixtisas seçsələr qəbul ola biləcəklər. I qrupda rus bölməsində 150 baldan çox nəticə göstərənlərin sayı 123 nəfərdir".
M.Abbaszadə qeyd edib ki, II qrupda vakant yerlərin sayı 3048-dir: "Bu qrupda Azərbaycan bölməsində boş qalan yerlərin sayı 1 727-dir. 150 baldan yuxarı nəticə göstərib qəbul ola bilməyən 46 nəfər var. Bu qrupda ali məktəbə qəbul ola bilməyən 1 500 subbakalavr var. Bu qrupda rus bölməsi üzrə boş qalan yerlərin sayı 299-dur".
"III qrupda vəziyyət həmişə olduğu kimi gərgindir. Bu qrupda ümumilikdə vakant yerlərin 296-dır. Azərbaycan bölməsində boş qalan cəmi 1 vakant yer var. Rus bölməsində 283 vakant yer qalıb. Birgə müsabiqə olunan yerlər üzrə 12 yer qalıb. III qrupda 200 baldan yuxarı nəticə göstərib kənarda qalan abituriyentlərin sayı 2 157 nəfərdir. III qrupda ali məktəbə qəbul ola bilməyən 2 000-ə yaxın subbakalavr var, mənə elə gəlir ki, onlar əlavə yerləşdirmə üçün sənəd verməyə bilərlər"- M.Abbaszadə qeyd edib.
DİM sədri bildirib ki, IV qrupda ümumilikdə boş qalan vakant yerlərin sayı 555-dir: "Amma bu yerlərin əksəriyyəti kənd təsərrüfatı sahəsi üzrədir. Bu qalan vakant yerlərin 400-ü Azərbaycan, 51-i rus bölməsi üzrə, 104 yer isə birgə müsabiqə üçün təqdim olunub. IV qrupda Azərbaycana bölməsində 200 baldan yuxarı nəticə göstərib kənarda qalanların sayı 52 nəfərdir. Onların da ali məktəbə qəbul olma şansları çox yüksəkdir. Rus bölməsində isə belə abituriyentlərin sayı 11 nəfərdir".
"V qrupda 90 boş vakant yer qalıb, bu yerlərin hamısı xüsusi qabiliyyət tələb edən ixtisaslardır. Onun 46-sı Azərbaycan, 5-i rus bölməsi üzrə, 39-u birgə müsabiqə üçün təqdim edilib. Qabiliyyət imtahanları ləğv olunan bütün ixtisaslar üzrə yerlərin hamısı dolub" - DİM sədri əlavə edib.