Təhsildə yenilik. Məktəblərdə təmayül siniflər yaradılır… | Təhsil Elanları
Təhsildə yenilik. Məktəblərdə təmayül siniflər yaradılır…
Bölmə:Təhsil Nazirliyi 2026 dəfə oxunub
13.01.2017

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, bu ildən orta məktəblərdə təmayül siniflərinin yaradılması xəbəri həqiqətə uyğundur: “Şagirdlərin seçdiyi ixtisas qrupu üzrə təmayül fənləri təyin olunur. Amma digər fənnlərin tədris edilməyəcəyi ilə bağlı məlumatlar yanlışdır. Şagirdlərə digər fənnlər də tədris olunacaq. Sadəcə olaraq, əvvəllər daha çox fənn tədris olunurdusa, artıq qərar verilib ki, şagirdlərin həddən artıq yüklənməməsi üçün fənnlərin sayı bir qədər azaldılsın. Amma bütövlükdə bütün fənlərin keçirilməməsi məsələsi doğru deyil”.
Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, təmayülləşmiş məktəblərin yaradılmasına hələ iki il öncə başlanılıb və təhsil nazirinin göstərişi ilə Bakı və Sumqayıt şəhərlərində bir neçə belə məktəb təyin edilib. “Bu ildən isə belə məktəblər daha da artıb və artıq 2016-2017 tədris ilindən ölkənin 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunur. Belə məktəblərdə tədris şagirdlərin meyl və maraqlarına uyğun olaraq profilləşir. Belə olan halda, profilə uyğun olaraq həmin fənnlər daha da dərindən tədris edilir və gələcəkdə şagirdlərin qarşılarına qoyduqları məqsədə çatmaq üçün böyük kömək olur. Bu nəinki Azərbaycanda, dünya təcrübəsində tətbiq edilən təhsil sistemidir”.

Nazirliyin sözçüsü təsdiq edib ki, təmayül siniflərinin təşkili üçün müəyyən say lazımdır: “Vəziyyətdən asılıdır. Məsələn, hansısa qrup üzrə seçim edən seçim edən şagirdlərin sayı 3-4 nəfər olarsa, bu zaman onlar təmayülləşmiş başqa məktəbdəki siniflərə köçürülə bilərlər. Axı 3-4 şagird üçün sinif açmaq mümkün deyil”