İki yüz azərbaycanlı gənc Macarıstanda təhsil almaq imkanı əldə edəcək | Təhsil Elanları
İki yüz azərbaycanlı gənc Macarıstanda təhsil almaq imkanı əldə edəcək
Bölmə:Xəbərlər 2813 dəfə oxunub
07.01.2017

Cari il üçün Macarıstanda təqaüd proqramı elan edilib. Bu proqram 200 azərbaycanlı tələbəyə Macarıstanın nüfuzlu universitetlərində pulsuz təhsil almaq imkanı verir. Proqram çərçivəsində azərbaycanlı tələbələrin təhsil haqqı, yataqxanada yaşaması və illik tibbi sığorta haqqı tamamilə ödəniləcək və bundan əlavə bakalavr və magistr dərəcəli tələbələrə 130 avro, doktoranturada oxuyanlara isə 450-580 avro məbləğində aylıq təqaüd veriləcək.

Macarıstanda pulsuz təhsil almaq istəyən tələbələr üçün yanvarın 14-də “Dəmirçi Plaza”da “Study in Hungary”nin təşkilatçılığı ilə keçiriləcək təqdimatda Debrecen Universitetinin əməkdaşları təqaüd proqramları barədə məlumat verəcək, tələbələrin və valideynlərin suallarını cavablandıracaqlar. Həmçinin tələbələrimiz Debrecen Universitetinin nümayəndələrinə suallarını (ingilis və rus dillərində) ünvanlaya biləcəklər. Bu ali məktəbin nümayəndələri kompüter mühəndisliyi, biznesin idarə edilməsi, tikinti və inşaat mühəndisliyi, səhiyyə elmləri, fizika və kimya mühəndisliyi, maşınqayırma, mexanika, elektrik mühəndisliyi və digər yüksək tələbatlı ixtisaslarda təqaüdlü təhsil almaq imkanları barədə azərbaycanlı tələbələrə geniş məlumat verəcəklər. Tədbirdə iştirak etmək istəyənlər əvvəlcədən qeydiyyatdan keçmək üçün adını, soyadını və atasının adını, mobil telefon nömrəsini, xarici pasportunun foto və imza olan səhifələrinin, əgər varsa IELTS (TOEFL və SAT) balının skanerdən keçirilmiş surətlərini office@study-hungary.com  e-mail ünvanına göndərməlidirlər. Qeydiyyat yanvarın 13-ü saat 12:00-dək aparılacaq. Eyni zamanda, tələbələr (050) 257-11-41 mobil telefon nömrəsinə öz ad, soyad, ata adını və e-maillərini göndərməklə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, azərbaycanlı tələbələrin ən çox seçdikləri və pulsuz təhsil aldıqları ali təhsil ocaqları arasında birinci olan Debrecen Universitetinin diplomu hökumətimiz tərəfindən tanınır.